Qəbələdə koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib
Qəbələ, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumşaldılmasından sonra vətəndaşların bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən Qəbələ rayonunda da bu infeksiyaya yoluxanların sayının artması təhlükəsi yaranıb. Bununla əlaqədar, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində Operativ Qərargahın tələblərinə riayət edilməsinə nəzarət daha da gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayon icra hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əhali arasında maarifləndirici təbliğat-izahat işləri davam etdirilir. Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, iaşə obyektlərində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində Operativ Qərargah tərəfindən tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır. Dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, fərdi qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadənin vacibliyi barədə əhali arasında geniş təbliğat işləri həyata keçirilir.