Qəbələdə milli kinomuzun təbliği: Yeni film nümayişlərinə start verildi
Qəbələ, 3 may, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə Qəbələ rayon Mədəniyyət Mərkəzində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, film nümayişlərinin məqsədi paytaxtdan kənarda yaşayan tamaşaçıların müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, regionlarda kino mədəniyyətini canlandırmaq və xüsusilə gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır.
Layihə çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu” qısametrajlı sənədli filmi, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Daniel Quliyevin “Uzaq” qısametrajlı bədii filmləri nümayiş olunub.
Müxbir - Rasim İslamoğlu