Qəbələdə “Səyyar Gənclər Xidməti” layihəsi həyata keçirilir
Qəbələ, 7 iyul, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Peşə Təhsil Mərkəzində “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, gənc nəslin inkişafı naminə qəbul edilən proqramlar, onların sağlam mənəvi-ideoloji baxımdan daha da yetkinləşməsinə xidmət edən geniş tədbirlərin görülməsi, hərbçi gənclərimizin göstərdiyi şücaətlər sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu xüsusi ilə vurğulayıb.
Çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev layihənin region gənclərinin fərdi və peşəkar inkişafındakı əhəmiyyətindən, gənclərin bilik dairəsinin genişləndirilməsi, ictimai fəallığının stimullaşdırılması və dövlət tərəfindən yaradılmış dəstək mexanizmlərinin regionlarda yaşayan gənclərə birbaşa çatdırılması baxımından faydaları olduğunu bildirib.
Tədbirin açılış hissəsi vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb, daha sonra iştirakçılar “Səyyar Gənclər Xidməti” layihəsinin fəaliyyət sahəsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir “Xəmsə” intellektual oyunu və müxtəlif idman oyunları ilə davam edib.
Müxbir - Rasim İslamoğlu