Dünya Bankı Özbəkistanda təhsilin inkişafına 105 milyon dollar ayırıb
Bakı, 6 iyul, AZƏRTAC
Dünya Bankı Özbəkistanda ibtidai təhsilin keyfiyyətinin artırılmasına və rəqabətədavamlı işçi qüvvəsinin hazırlanmasına yönəlmiş genişmiqyaslı proqram üçün maliyyələşdirməni təsdiqləyib. Təşəbbüs milli təhsil sisteminin modernləşdirilməsini, müəllimlərin ixtisaslarının artırılmasını və məktəb infrastrukturunun inkişaf etdirilməsini əhatə edir.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının Vaşinqtondakı İcraçı Direktorlar Şurası Özbəkistan üçün 100 milyon dollarlıq güzəştli maliyyələşdirməni təsdiqləyib. Təhsil üçün Beynəlxalq Maliyyələşdirmə Mexanizmi (IFFEd) 5 milyon dollarlıq qrant da ayıracaq. UZA agentliyinin məlumatına görə, bu, Dünya Bankı ilə IFFEd arasında ilk birgə layihə olacaq. Vəsaitlər İqtisadi Artım üçün Məktəb Təhsilinin Transformasiyası (BILIM) proqramının həyata keçirilməsinə sərf olunacaq. Proqramın ümumi büdcəsi 378 milyon dollardır və Özbəkistan hökuməti 273 milyon dollarlıq maliyyələşdirməni həyata keçirəcək.
Son illərdə əhalinin sürətli artımı və intensiv daxili miqrasiya məktəb təhsili sisteminə düşən yükü əhəmiyyətli dərəcədə artırıb. Mütəxəssislərin hesablamalarına görə, 2026-cı ilə qədər Özbəkistanda məktəblilərin sayı 7,6 milyonu keçəcək. Bu artan tələbatı ödəmək üçün ölkədə hər il təxminən 300 məktəb tikmək lazımdır. İbtidai məktəbə qəbul 99 faizi keçsə də, Özbəkistan məktəblilərinin oxu savadlılığı və riyaziyyat üzrə beynəlxalq qiymətləndirmələrdə göstəriciləri gözlənilən səviyyələrdən aşağı olaraq qalır.
Proqram Qaraqalpaqıstan, Xarəzm, Buxara, Nəvai, Qaşqadərya və Surxandərya vilayətlərində həyata keçiriləcək. Bu bölgələrdə müəllim çatışmazlığının xüsusilə kəskin şəkildə müşahidə olunduğu və təhsilin keyfiyyəti ilə bağlı hələ də davam edən problemin qaldığı ölkədəki bütün məktəblərin təxminən 45 faizi yerləşir.