Səudiyyə Ərəbistanı neftin qiymətinə son 26 ildə ən böyük endirim edib
Bakı, 6 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının Asiya bazarı üçün “Arab Light” markalı xam neftin rəsmi satış qiymətinə son 26 ildə ən böyük endirim etdiyi bildirilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” gələn ay üzrə “Arab Light” markalı xam neftin bir barelinin qiymətini 11 dollar endirəcək və bu, regional etalon qiymətdən 1,50 dollar aşağı olacaq. Səudiyyə Ərəbistanı 2020-ci ildən bəri ilk dəfə olaraq nefti endirimli qiymətə satacaq. “Aramco” əvvəllər bu növ nefti yalnız 2020-ci və 2015-ci illərdəki qiymət “müharibələri” zamanı endirimlə satmışdı.
Bundan başqa, Hörmüz boğazı yenidən açılandan indiyədək ilk dəfə Səudiyyə Ərəbistanı neftini daşıyan tankerlər ABŞ-yə doğru yola düşür. Fevral ayından bəri ilk dəfə olaraq Səudiyyə Ərəbistanı xam neftini daşıyan iki supertanker ABŞ-yə doğru hərəkət edib. Gəmi izləmə məlumatlarına görə, sözügedən iki tanker martın əvvəlində yüklənib və iyunun sonuna qədər Körfəzdə qalıb.
ABŞ-nin Energetika Nazirliyinin məlumatlarına görə, Səudiyyə Ərəbistanı adətən gündəlik təxminən 300 min barel xam nefti ABŞ-nin Körfəzdəki və Qərb sahilindəki neft emalı zavodlarına göndərirdi.
Həmçinin Rusiya xam neftinin qiyməti də Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyəyə düşüb. Belə ki, iyul ayının ilk üç günündə Rusiyanın qərb limanlarında “Urals” markalı xam neftin bir barelinin orta qiyməti 41,66 dollar təşkil edib. Bu qiymət neft bazarındakı qeyri-müəyyənliyin baş verdiyi aprel ayında müşahidə olunan səviyyənin yarısından da azdır. “Urals” neftinin bir barel üçün 41,66 dollar olan qiyməti nəqliyyat xərclərini əhatə etmir.