Sənaye parklarında təşviq mexanizmləri investisiya cəlbediciliyini artırır - RƏY
Bakı, 6 iyul, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarə etdiyi sənaye parklarında sahibkarlar üçün geniş təşviqedici mexanizmlər tətbiq olunur. Bu tədbirlərin məqsədi sahibkarların fəaliyyətini asanlaşdırmaq və investisiya mühitini daha da cəlbedici etməkdir.
Bu sözləri AZƏRTAC-ın sorğusunu cavab olaraq agentliyin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.
“İlk növbədə, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin edilirlər. Buraya təbii qaz, elektrik enerjisi, su, kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir”, - deyə o bildirib.
T.Quliyev qeyd edib ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Bundan əlavə, istehsal məqsədilə idxal edilən texnika və avadanlıqlar ƏDV və gömrük rüsumlarından da azad edilir.
Şöbə müdiri vurğulayıb ki, tətbiq olunan təşviq mexanizmlərinin səmərəliliyi statistik göstəricilərdə də öz əksini tapır: “Sənaye parklarının rezidentləri bu günədək 567 milyon manat vəsaitə qənaət edib. Təkcə 2025-ci ildə vergi və gömrük güzəştləri hesabına sahibkarların qənaəti 42 milyon manatdan çox olub. Bu göstəricilər sənaye parklarında tətbiq olunan dəstək və güzəşt mexanizmlərinin biznes subyektləri üçün mühüm maliyyə üstünlükləri yaratdığını təsdiqləyir”, - deyə Taleh Quliyev bildirib.
O deyib ki, tətbiq edilən güzəştlər investisiya xərclərinin azalmasına, layihələrin daha qısa müddətdə rentabelli olmasına və sənaye parklarının investisiya baxımından cəlbediciliyinin yüksəlməsinə şərait yaradır.
“Bunun nəticəsində sənaye zonaları investorlar üçün əlverişli və rəqabətqabiliyyətli biznes platforması kimi çıxış edir. Eyni zamanda, həmin mexanizmlər investorların qərar qəbuletmə prosesinə müsbət təsir göstərərək yeni investisiyaların cəlb olunmasına və istehsal fəaliyyətinin genişlənməsinə əlverişli zəmin formalaşdırır”, - deyə T.Quliyev əlavə edib.
Müxbir - Pərvanə Qafarova