BDU-nun Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
Bakı, 6 iyul, AZƏRTAC
2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması hər gün yenilənən rəqəmsal media mühitində peşəkar jurnalist fəaliyyətinin nəzəri və praktik əsaslarını öyrədir. Bu ixtisaslaşma magistrlərə konvergen xəbər istehsalı, multimedia məzmununun hazırlanması və sosial media platformalarında effektiv kommunikasiya bacarıqları qazandırır.
Tədris prosesində konvergen jurnalistika, media menecmenti, informasiya texnologiyaları, media hüququ və etikası kimi fənlərə xüsusi diqqət yetiriləcək. Bu ixtisaslaşmada təhsil alan tələbələr müasir media alətlərindən istifadə etməklə məlumatı toplama, emaletmə və təqdimetmə bacarıqlarını inkişaf etdirəcəklər.
“Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması üzrə məzunlar onlayn media qurumları, xəbər portalları, televiziya və radiolar, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərə biləcəklər.