“Shahin Novrasli Festival-2026” ədəbi müsabiqəsinin nəticələri açıqlanıb
Bakı, 6 iyul, AZƏRTAC
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ədəbi gecə və “Shahin Novrasli Festival-2026” çərçivəsində təşkil olunan müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın ənənəvi ədəbi müsabiqəsinin məqsədi bədii əsərlərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşdırmaqdır. Müsabiqənin builki mövzusu “Musiqi ilə yubiley” olub.
Müsabiqəyə təqdim edilən əsərlər Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Hakimov, “NG Creators Club”un direktoru Natiq Əliyev və “Shahin Novrasli Festival”ının media koordinatoru Rüstəm Hüseynovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, “Shahin Novrasli Festival-2026” ədəbi müsabiqəsində Əminə Eruslu birinci, Nərmin Musayeva ikinci, Alisa Orexova isə üçüncü yerə layiq görülüb. Müsabiqənin xüsusi "Tamaşaçı rəğbəti" mükafatı isə Olqa Şalayevaya təqdim edilib.
Müsabiqənin təşəbbüskarı Rüstəm Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində builki layihənin səviyyəsinin xeyli yüksəldiyini qeyd edib: “Çox sayda uğurlu hekayə təqdim olunmuşdu. İştirakçıların və qaliblərin əksəriyyətinin çox gənc olması bizi yaxşı mənada təəccübləndirdi. Hətta bəzi hekayələri oxuyanda müəlliflərin daha yaşlı və təcrübəli olduğunu təsəvvür edirdim. Bu il vaxt kifayət qədər məhdud olsa da, bir çox iştirakçı müsabiqənin mövzusuna uyğun maraqlı əsərlər ərsəyə gətirə bildi”.
Onun fikrincə, bütün bədii janrlar bir-biri ilə sıx bağlıdır və bir sahə digəri üçün əla ideya mənbəyinə çevrilə bilər: “Tarix boyu ədəbi əsərlər əsasında gözəl musiqi nümunələri yaranıb, musiqi isə öz növbəsində bir çox yazıçı və şairə ilham verib”.
R.Hüseynov vurğulayıb ki, ədəbiyyatın inkişafı üçün gənclər arasında bu qəbildən olan müsabiqələrin sayı artırılmalı, gənc müəlliflər üçün xüsusi jurnallar təsis edilməlidir: “Dilin gələcəyi ədəbiyyatın vəziyyətindən birbaşa asılıdır, çünki ədəbiyyat dilin təməlidir. Yüksəkkeyfiyyətli, mütaliə olunan ədəbiyyat yoxdursa, canlı ədəbi dil də yoxdur və nəticədə dil tənəzzülə uğrayır. Eyni müəlliflərin onilliklər boyu təkrar nəşr olunduğu dərgilər həmin yaradıcı heyətdən başqa heç kim üçün maraqlı deyil. Yazıçı və şair istedadı olan gənclərin sağlam mühitə çıxışı, həmkarları ilə ünsiyyəti və əsərlərini çap etdirmək imkanı olmalıdır. Böyük potensiala malik istedadlı gənclərimiz var, lakin onlar çox vaxt kölgədə qalırlar”.
Xatırladaq ki, “Shahin Novrasli Festival” iyulun 12-dək davam edəcək. On gün ərzində paytaxt sakinləri və şəhərimizin qonaqları 10 ölkədən gəlmiş musiqiçilərin ifasında müxtəlif janrlı geniş musiqi proqramını izləmək imkanı qazanacaqlar. Festival çərçivəsində, həmçinin yarmarka, gündəlik DJ setləri və cem sessiyaları (jam session) təşkil olunub. Layihənin xüsusi qürur mənbəyi isə gənc istedadların ifasında baş tutacaq “We Are the Future” konsertidir.
Festival çərçivəsində, həmçinin festival yarmarkası, hər gün DJ proqramları və musiqiçilərin sərbəst ifalarından ibarət cem sessiyaları (jam session) təşkil olunub. Layihənin xüsusi qüruru gənc istedadların “We Are the Future” konsertidir.
Müəllif – Anara Axundova