Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər
Bakı, 6 iyul, AZƏRTAC
Rəcəb Tayyib Ərdoğan ilə Donald Trampın münasibətləri NATO-da gərginliyi azalda bilər.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında NATO-nun Ankara sammiti çərçivəsində yaxın münasibətləri Alyans daxilində fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edə bilər.
H. Fidan NATO-nun Ankara sammitindən əvvəl “New York Times” (NYT) qəzetinə müsahibə verib. O bildirib ki, Türkiyədə keçiriləcək sammit zamanı Prezident Ərdoğan və ABŞ Prezidenti Tramp arasındakı yaxın münasibətlərdən istifadə edərək Alyans daxilindəki fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar. Nazir vurğulayıb ki, Türkiyə bu dostluqdan daha böyük rifah və bütün NATO ailəsinin xeyrinə istifadə etməyi hədəfləyir.
“NATO-da texniki müzakirələrin problemsiz keçəcəyini gözləyirəm”, -deyən Fidan əlavə edib ki, Trampın NATO-ya qarşı tənqidlərinə gəldikdə, Ankara bu mövzuda heç bir problem görmür. Onun sözlərinə görə, çoxlu şifahi mübadilə olsa da, praktikada heç nə dəyişmir.
Nazir Türkiyə ilə digər Avropa ölkələri arasında Alyansın əhəmiyyəti ilə bağlı konsensus olduğunu vurğulayaraq deyib: “Heç kim NATO-nun zəruriliyini şübhə altına almır”.
Fidan Avropa İttifaqı daxilində müdafiə sahəsində əməkdaşlığın artmasının Aİ ölkələrinin NATO qarşısındakı öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini də deyib. O qeyd edib: “Biz də Avropanın bir hissəsiyik və Avropa coğrafiyasında bir araya gəlib təhlükəsizlik platformamızı yaratmasaq, heç vaxt özümüzü kifayət qədər təhlükəsiz hiss etməyəcəyik”.
Türkiyəli nazir Ankaranın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni danışıqlarda vasitəçilik etməyə hazır olduğunu vurğulayıb, lakin qeyd edib ki, bunun tezliklə baş verəcəyini gözləmir. Onun sözlərinə görə, bu məsələdə ABŞ-nin prosesə təsiri zəruridir.