AZAL: Bakı-Naxçıvan marşrutu üzrə bəzi reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Hava Yollarının (AZAL) iyulun 6-na planlaşdırılan Bakı-Naxçıvan marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, təxirəsalmaya səbəb Naxçıvan istiqamətində müşahidə olunan ildırım aktivliyi olub. Hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası bərpa ediləcək. Sərnişinlər uçuş cədvəlində mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin qalxma və enmə mərhələlərində əlavə risklər yaradır.
Hava şəraiti ilə əlaqədar reyslərin təxirə salınması və ya ləğv edilməsi barədə qərarlar yalnız sərnişinlərin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən qəbul edilmir. Bu qərarlar marşrut boyunca, eləcə də qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait nəzərə alınmaqla, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə verilir.
Bildirilib ki, ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və tufan buludları yer səviyyəsindən hər zaman aydın müşahidə olunmasa da, uçuşların təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu səbəbdən ekipaj və əməliyyat xidmətləri uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq qərarlar qəbul edirlər.