REGİONLAR
Qəbələdə Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı keçirilib






Qəbələ, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidi Ağaşirin Babayevə həsr olunmuş “Açılmamış solan gülüm” adlı kitabın təqdimat mərasimi keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Mirhəsən Ağayev və Nigar Babayevanın müəllifi olduğu kitabın təqdimat mərasimində şəhidin valideynləri, yaxın qohumları, şəhid ailələrinin üzvləri, dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri, ziyalılar, həmçinin mərkəzin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova açaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən igid oğullara həsr olunmuş kitabların onların adlarının əbədiləşdirilməsi istiqamətində çox mühüm təbliğat vasitəsi olduğunu diqqətə çatdırıb.
Kitabın müəllifləri çıxış edərək, şəhid Ağaşirin Babayevin ömür və döyüş yolundan, qəhrəmanlığından danışıblar.
Şəhidin valideynləri Firuz Babayev və Əsli Babayeva övladlarının Vətən qarşısındakı xidmətlərindən qürur duyduqlarını söyləyib, kitabın müəlliflərinə minnətdarlıqlarını bildiriblər.
Şəhid Ağaşirin Babayevə həsr olunmuş videoçarx nümayiş olunub.
Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında şəhidə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirin sonunda iştirakçılara “Açılmamış solan gülüm” kitabı təqdim olunub.