Qədim dövrə aid arxeoloji tapıntının yaşı təyin edilib
Bakı, 26 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova “Elektron Paramaqnit Rezonans” və “Termoluminessensiya” metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların yaşlarını təyin edib. Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminən eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib. Həmçinin həmin abidədən götürülmüş keramika nümunəsinin bişmə temperaturu da müəyyən olunub.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə aşkarlanmış Xudutəpə abidəsi mühüm çoxtəbəqəli yaşayış məskənidir. Qazıntılar zamanı həm Neolit dövrünün artefaktları, saxsı qab nümunələri, həm də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi dosent Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.