Qərbi Kaspi Universitetində “Əmək yarmarkası” keçirilib
Bakı, 10 mart, P.İmanova, AZƏRTAC
Martın 10-da Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Əmək yarmarkası” keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif sahələri təmsil edən 50-dən çox nüfuzlu şirkət iştirak edib.
Yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı, aparıcı banklar, sığorta və turizm şirkətləri qatılaraq vakansiyalarını təqdim ediblər. Sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Yüzlərlə gənc şirkətlərə iş üçün müraciət edib, onların bir çoxu müsahibələrə dəvət olunub.
Tədbir çərçivəsində gənclər üçün “Karyera uğurunda bədən dilinin rolu” mövzusunda təlim təşkil edilib.
Tədbirə AZƏRTAC, “ASAN Kadr” təşkilatı, İctimai TV, “Lent.az” və “Qafqazinfo.az” informasiya dəstəyi verir.
Məzunlarının məşğulluq məsələsinə daim diqqətlə yanaşan və bu baxımdan yüksək nəticələrə sahib olan Qərbi Kaspi Universiteti bu yarmarka ilə ümumilikdə gənclərin işlə təmin edilməsi istiqamətində daha bir addım atıb.