MƏDƏNİYYƏT
“Qətibə İnanc” təqdim olunub
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yeni tamaşalardan olan “Qətibə İnanc” növbəti dəfə təqdim edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunan tamaşada rolları Xalq artisti Bəsti Cəfərova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa edib.
Rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.
Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.