QİÇS-DƏN ÖLƏNLƏRİN XATİRƏSİ YAD OLUNMUŞDUR
Ötən il respublikada 69 vətəndaşın QİÇS-dən dünyasını dəyişdiyi qeydə alınmışdır. Bu il isə onların sayı 30 nəfər artaraq, 99 nəfərə çatmışdır.
Tədqiqatlar göstərir ki, uşaq ana bətnində olanda da, donor qanı köçürülərkən də QİÇS-ə yoluxa bilər.
25 ildən çoxdur ki, bəşəriyyət bu bəla ilə uğursuz mübarizə aparır. Dünyada 1983-cü ildən, Azərbaycanda isə 1999-cu ildən başlayaraq, hər il may ayında bu xəstəlikdən ölənlərin xatirə günü qeyd edilir.
Tədbirdə Azərbaycan QİÇS-lə Mübarizə üzrə Milli Mərkəzinin direktoru Qalib Əliyev bu dəhşətli bəlanın qarşısının alınması üçün görülən işlərdən danışmışdır. O qeyd etmişdir ki, Səhiyyə Nazirliyinin qərarı ilə bütün şəhər və rayon əhalisinin heç bir xərc çəkmədən QİÇS-ə görə müayinə olunmasına şərait yaradılmışdır.
Xatirə günündə QİÇS-dən dünyasını dəyişənlərin ruhuna dualar oxunmuş, onların faciəvi həyatına və ölümünə dair sənədli film göstərilmişdir.