Qida Təhlükəsizliyi Agentliyinin sədri Fransada qətərli nazirlə görüşüb
Paris, 21 may, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş sessiyasında iştirak etmək üçün Fransada işgüzar səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti və Qətərin bələdiyyə və ətraf mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar, ölkəmizdə vahid qida təhlükəsizliyi sisteminin formalaşdırılması və bu sahə üzrə yaradılan agentliyin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. AQTA sədri bildirib ki, agentlik ölkədə qida təhlükəsizliyinə nəzarət, insanların sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir.
Qətərli nazir Abdullah bin Əbdüləziz bin Turki Əl Subaini Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid sistemin formalaşdırılması və əldə olunmuş nəticələri müsbət qiymətləndirərək bunun digər ölkələr, həmçinin Qətər Dövləti üçün də nümunə olacağını diqqətə çatdırıb. Bu sahədə iki ölkə arasında gələcəkdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Görüşdə baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, ixrac potensiallı məhsullar üzrə əməkdaşlığın həyata keçirilməsi, yaxın gələcəkdə elektron sertifikatların mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq üzrə müqavilə hüquqi bazanın yaradilması üçün müvafiq istiqamətlər üzrə müqavilə layihələrinin hazırlanaraq imzalanması üzrə işlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris