Qırğızıstan KİV-ləri Ermənistanın son təxribatlarından bəhs edən informasiyalar yayıblar
Bişkek, 20 iyul, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyi ölkədə akkreditə olunmuş bütün xarici ölkələrin səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə və Qırğızıstanın KİV-lərinə Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı məlumatlar toplusu göndərib.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, ölkəmizin Tovuz rayonunun Dondar Quşçu və Ağdam kəndlərində son günlər erməni silahlı qüvvələrinin mülki yaşayış yerlərini atəşə tutması ilə bağlı KİV-lərə foto və video məlumatlar göndərilib.
Məlumatlar toplusunda deyilir: “Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd ediblər.
Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində ölənlər və yaralananlar var. Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi daha da artırmaq istəyir. Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini ciddi şübhə altına alır. Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya bəllidir. Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
Qırğızıstanın “Asiya TV” televiziya kanalı, “Veçerniy Bişkek” qəzeti, populyar 24.kg, manas.news xəbər portalları, Avropa İttifaqında qeydiyyatdan keçmiş theworldnews.net beynəlxalq xəbər agentliyi Ermənistan silahlı qüvvələrinin son təxribatını pisləyib. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan üzərinə düşdüyü qeyd olunub. Eyni zamanda, “Komsomolskaya pravda” qəzetinin Qırğızıstan variantının internet səhifəsində, akipress.org və Centralasia.media xəbər agentlikləri, kant.kg, for.kg, sayasat.kg xəbər portallarında Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı səfirliyin məlumatlar toplusu və həqiqəti əks etdirən digər materiallar əks olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek