Qiymətləndiricinin öz qohumu ilə müqavilə bağlaması qadağan edilir
Bakı, 6 oktyabr, AZƏRTAC
Qiymətləndiricinin öz qohumu ilə müqavilə bağlaması qadağan edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, qiymətləndirici sifarişçinin yaxın qohumu (ər, arvad, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), kreditoru (borclusu) və ya sığortalısı olduqda, habelə qiymətləndirici təşkilat sifarişçinin kreditoru (borclusu), sığortalısı olduqda və ya sifarişçi qiymətləndirici təşkilata Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən edilən aidiyyəti olan şəxs olduqda tərəflər arasında qiymətləndirmə haqqında müqavilə bağlana bilməz.
Həmçinin qiymətləndiricinin qiymətləndirmə obyektinə dair qiymətləndirmə haqqında müqavilədən kənar öhdəlikləri və ya qiymətləndirmənin nəticələrinə görə maddi marağı, habelə qiymətləndirmə obyektinə dair əmlak mənafeyi olduqda onun qiymətləndirməni aparmasına yol verilmir.