QMİ-nin Gürcüstan nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tbilisi, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev tarixən qonşu və dost ölkələr olan Azərbaycan və gürcü xalqlarının müstəqillik uğurunda mübarizəsindən danışıb, müstəqilliyin asan, qurbansız başa gəlmədiyini deyib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, din xadimləri çıxış edib, 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışıb, Sovet imperiyası qüvvələrinin xalqların müstəqillik arzusunu boğmaq üçün törətdiyi cinayətlərin mahiyyətini açıqlayıblar.
Bildirilib ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixi vətənləri olan Azərbaycanın müdafiəsində həmişə fəallıq göstəriblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qətliamda 5 nəfər Gürcüstan azərbaycanlısı da olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi