Qobustanda kənd məktəbi üçün yeni bina tikilir
Qobustan, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına Qobustan rayonunun ən iri yaşayış məntəqələrindən olan Sündü kəndində Ş.Şikarov adına tam orta məktəb üçün yeni bina inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədris ocağı üçün tikilən yeni bina ikimərtəbəli, 360 şagird yerlikdir. Müasir arxitektura üslubunda inşa edilən məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait olacaq.
Artıq binada hörgü işləri başa çatıb. Hazırda binanın daxilində suvarma və rəngləmə işləri aparılır, dam örtüyü, döşəmə və tavan vurulur. Məktəb ərazisinin hasarında hörgü və suvaq işləri də başa çatmaq üzrədir.
Tədris ocağının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub.