Qobustanın Sündü kəndinin yolunu şəhidlərimizin fotoları olan lövhələr bəzəyir VİDEO
Qobustan, 27 may, Rəşad Türkoğlu, AZƏRTAC
Qobustan rayonunun Sündü kəndi İkinci Dünya müharibəsi, Birinci və İkinci Qarabağ müharibələri dövründə, ümumilikdə, 138 şəhid verib. Bu kəndin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan döyüşçüləri arasında Milli Qəhrəman adına layiq görülən oğullarımız da var.
AZƏRTAC xəbər verir ki, sakinlərin təşəbbüsü ilə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün kənd yolunun kənarında - kəndin girişində lövhələr quraşdırılıb.
Bu təşəbbüsü irəli sürən Rövşən Balayev bildirib ki, yol kənarına quraşdırılan lövhələrdə həm 1941-1945-ci illərdə, həm də Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş Vətən oğullarının şəkilləri yerləşdirilib. Qarabağ müharibəsində şəhid olmuş qəhrəman igidlərimizin məzarları da bu ərazidə yerləşir.
Yol kənarındakı lövhələrdə oğlu Həsən Quliyevin də şəklinin olduğunu söyləyən Ziyafət Quliyeva deyir ki, 44 günlük Vətən müharibəsində ermənilərə qan udduran, torpaqlarımızı işğaldan azad edərək canlarından keçən belə övladlarla ancaq fəxr etmək olar.
“2020-ci ilin iyun ayında oğlumu hərbi xidmətə yola salmışdım. Müharibə başlayanda oğlum üç ayın əsgəri idi. Bir ana kimi bütün şəhidlərin qarşısında baş əyirəm. Bu şəkillər bizə təsəlli verir. Allah bütün şəhidlərə rəhmət eləsin, Vətən sağ olsun”, - deyə şəhid anası bildirib.
Kənd sakini Cabir Ağayev deyir ki, Sündü camaatı qədim dövrlərdən bu günə qədər hər zaman düşmənə qarşı döyüşkən, Vətənə bağlı olub.
“1918-ci ildə də Sündü kəndinin böyük igidlik göstərən oğlanları olub. İkinci Dünya müharibəsində də Sündünün igidləri qəhrəmanlıqları ilə fərqlənib. Bu müharibədə 300-dək kənd sakini iştirak edib, onlardan 114 nəfər şəhidlik zirvəsinə yüksəlib. Qarabağ müharibəsi dövründə də yüzlərlə sündülü döyüşlərdə iştirak edib, 20 nəfər şəhid olub. Vətən müharibəsində isə kəndimizin 52 sakini iştirak edib. Bu igidlərdən 4-ü şəhidlik zirvəsinə yüksəlib”, - deyə Cabir Ağaverdiyev qeyd edib.
Xatırladaq ki, şəhidlər arasında olan polkovnik-leytenant Şikarov Şikar Şükür oğlu Qarabağda döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.