Qoşqar Təhməzli: Ölkədə qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Ölkəmizdə aparılan iqtisadi islahatlar və qida təhlükəsizliyi sahəsində görülən işlər əhalinin qida təhlükəsizliyi və qida məhsulları ilə təmin edilməsinə, qida sənayesi sektorunda müasir standartların tətbiqinə, yerli istehlakçıların hüquqlarının müdafiəsi, idxal-ixrac prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına, nəticə etibarilə kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasına mühüm töhfələr verməkdədir. Həmçinin dünyada qida təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici investorların Azərbaycan iqtisadiyyatına marağını və yerli məhsulların istehsal imkanlarını artırıb.
AZƏRTAC xəbər verir ki, bunu “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentariusun fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən regional tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Bu il bütün dünyada qida təhlükəsizliyinin təminatında əvəzsiz rolu olan Kodeks Alimentarius Komissiyasının 60-cı ildönümü olduğunu deyən Q.Təhməzli bildirib: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkil etdiyi Kodeks Alimentarius Komissiyasında ötən dövr ərzində qida təhlükəsizliyi baxımından dünya əhalisinin sağlamlığını qorumaq, eyni zamanda beynəlxalq sferada ədalətli ticarəti asanlaşdırmaq üçün dünyanın 188 ölkəsi və Avropa İttifaqı tərəfindən razılaşdırılmış çoxsaylı standartlar, fəaliyyət kodeksləri qəbul edilib. Həmin standartlar Komissiyaya üzv olan bütün dövlətlər, o cümlədən də ölkəmiz üçün normativ bazanın təkmilləşdirilməsində və yenilənməsində mühüm rol oynayıb.
Bu il eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür. Ötən dövr ərzində respublikamızda qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparılıb. Agentliyin yaranması ilə ölkəmizdə qida təhlükəsizliyi üzrə multi tipli idarəetmə sistemindən vahid səlahiyyətli qurum idarəetməsinə keçid təmin edilib".