Qriqol Gegelia: Qafqazın gələcəyi üç dövlətin ortaq iqtisadi maraqları üzərində qurulmalıdır
Tbilisi, 7 iyul, AZƏRTAC
Anakliya dərin dəniz limanı Gürcüstan, Azərbaycan və Ermənistanın və birgə strateji layihəsinə çevrilməlidir. Bu üç ölkənin iştirakı ilə birgə “Qafqaz Konsorsiumu” yaradılmalı və limanın idarə olunması yüksək beynəlxalq nüfuza malik beynəlxalq operatora təhvil verilməlidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü siyasətçi, analitik Qriqol Gegelia bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Anakliya Azad İqtisadi Zonası Gürcüstanın suverenliyinə hörmət edən və regionun dinc inkişafında iştirak etməyə hazır olan Amerika, Avropa və bütün beynəlxalq tərəfdaşlar üçün açıq olmalıdır.
"Bu, bizim “Qafqaz Üçlüyü”nün regionu ortaq iqtisadi və rifah maraqları ətrafında birləşdirəcək yeni əməkdaşlıq modeli yaratmaq ideyasıdır", - deyə Gegelia bildirib.
Siyasətçi hesab edir ki, Anakliya limanı ortaq Qafqaz sülh layihəsinə və Qafqaza əsas iqtisadi qapıya çevrilməli olan tarixi bir fürsətdir. Anakliya Qafqazın gələcəyinin başlayacağı yer olmalıdır.
O deyib: "Biz bu istiqaməti “Sülh İqtisadiyyatı” adlandırırıq və dərindən inanırıq ki, Qafqazın gələcəyi üç dövlətin ortaq iqtisadi maraqları üzərində qurulmalıdır. Tarix bizə öyrədir ki, ən güclü sülh ölkələrin birlikdə ticarət etdiyi, birlikdə infrastruktur qurduğu, investisiyalar cəlb etdiyi və birlikdə rifah yaratdığı yerdə yaranır. Buna görə də Anakliya sadəcə bir liman deyil. Bu gün biz bu ideyanı təkcə Gürcüstan cəmiyyətinə deyil, həm də qonşularımız olan Ermənistan və Azərbaycana, eləcə də Qərb tərəfdaşlarımıza və beynəlxalq investorlara təklif edirik. Anakliya Qafqaz əməkdaşlığının və Qərbin strateji maraqlarının qovuşduğu bir yerə çevrilməlidir”.