QUBA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ GƏLƏN İL İSTİFADƏYƏ VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 27-də Qubada Müalicə-Diaqnostika Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə kompleksin baş planına baxdı. Bildirildi ki, diaqnostika mərkəzi 3 korpusdan ibarət olacaqdır. Birinci və üçüncü korpuslar üçmərtəbli, ikinci korpus isə dördmərtəbli olacaqdır. Birinci korpusda rentgen kabineti, hemodializ şöbəsi, laboratoriya və cərrahiyyə otaqları yerləşəcəkdir. İkinci korpus inzibati otaqlar, üçüncü korpus həkim kabinetləri üçün nəzərdə tutulur. Mərkəz gələn ilin ortalarında istifadəyə veriləcəkdir.
Prezident İlham Əliyev burada insanların müayinə və müalicəsi üçün gözəl şəraitin yaradılacağını və ən müasir texnologiyaya əsaslanan avadanlıqların quraşdırılacağını bildirdi. Dövlətimizin başçısı işin keyfiyyətlə yerinə yetirilməsi, mərkəzin xarici görünüşünün müasir səviyyədə olması barədə tövsiyə və tapşırıqlarını verdi.
Bununla da Prezident İlham Əliyevin Quba rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |

