Quba Rayon Mərkəzi Kitabxanasının binası əsaslı təmir olunur VİDEO
Quba, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Mərkəzi Kitabxanasının binası əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binaya yeni internet və telefon xətləri çəkilib. Təmir başa çatdıqdan sonra otaqlar yeni inventar və avadanlıqlarla təmin olunacaq. Kitabxananın oxucu masaları, kitab rəfləri, kataloq qutuları yenilənib. Bununla yanaşı, mərkəzi kitabxana 30 yeni kompüterlə də təchiz edilib.
Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bildirib ki, kitabxananın fondunda 50 minə yaxın kitab saxlanılır. Bu müəssisənin xidmətlərindən il ərzində 60 minə yaxın oxucu faydalanır. Təmir işləri ilə əlaqədar kitabxana oxucularına Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində xidmət göstərir.
Oktyabr ayında start götürən təmir işləri ilin sonuna kimi tam yekunlaşacaq.