Quba-Xaçmaz iqtisadi rayonu üzrə ötən il 1242 nəfər özünüməşğulluq proqramına cəlb olunub
Quba, 10 fevral, Elxan Yusifli, AZƏRTAC
Son illər ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bərabər onların məşğulluğunun təmin olunması, aktiv əməyə cəlb edilməsinə xüsusi diqqət yetirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır.
Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu mühüm dövlət proqramı Quba-Xaçmaz iqtisadi rayonunda da uğurla icra olunur. Ümumilikdə 2022-ci il ərzində region üzrə 1242 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 341 nəfəri Xaçmaz, 439 nəfəri Quba, 228 nəfəri Qusar, 105 nəfəri Siyəzən, 129 nəfəri isə Şabran rayon sakinidir.
Proqrama cəlb olunanların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranlarıdır.
Quba-Xaçmaz Regional Məşğulluq filialı Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını əhatə etməklə fəaliyyətin əsas istiqamətlərini işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, o cümlədən bu istiqamətdə aktiv məşğulluq tədbirlərinin, sosial tərəfdaşlarla işin təşkili, işaxtaran və işsiz şəxslərlə bağlı tədbirlər, aidiyyəti dövlət orqanları ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, maarifləndirmə, məlumatlandırma və təbliğat işləri təşkil edir.
Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən, həmçinin şimal regionunda işsiz şəxslərin peşə hazırlığı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi istiqamətində cari ildə də tədbirlər davam etdirilir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına ötən il 16,1 min şəxs cəlb olunaraq onlar üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.
Həmin şəxslərdən 700 nəfəri şəhid ailələrinin üzvləri, 1700-dən çoxu müharibə iştirakçıları, 1600 nəfəri əlilliyi olan, o cümlədən 580 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, 1200 nəfəri keçmiş məcburi köçkünlər, 2500 nəfəri gənclər olub.
Ümumilikdə ötən dövrdə 60 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.
Proqrama cəlb olunan şəxslər ilk olaraq təlimlərdə iştirak edir, qiymətləndirilməsi aparılır və biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.