Qubada bədii gimnastika üzrə respublika birinciliyinin açılışı olub
Quba, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 26-da Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək yarışda 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparır.
Açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Azərbaycanda idman sahəsinə göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışıb.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə bildirib ki, gimnastlarımızın beynəlxalq yarışlarda göstərdikləri nəticələr, həmçinin ölkəmizdə irimiqyaslı yarışların təşkili Azərbaycanda bu idman növünün inkişafının bariz göstəricisidir. Bütün bunlar dövlət tərəfindən Azərbaycanda idmanın inkişafına göstərilən diqqət, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərin nəticəsidir.
Bildirib ki, federasiya tərəfindən milli yarışların bölgələrdə təşkili artıq ənənə halını alıb. Bölgə idmanının inkişafına yönələn bu təşəbbüs yeniyetmə və gənclərin gimnastikaya olan marağının artmasına xidmət edir. Hazırda Azərbaycanın müxtəlif bölgələrində 30 gimnastika bölməsi fəaliyyət göstərir.
N.Məmmədzadə gimnastların Qubada onlar üçün yaradılan şəraitdən bəhrələnərək gözəl çıxışlar nümayiş etdirəcəklərinə əminliyini ifadə edib.
Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər) olmaqla, 3 yaş kateqoriyasında yarışır.
Birincilikdə qaliblər fərdi proqramda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə müəyyənləşəcək. Fərdi gimnastlara qrup hərəkətləri proqramında çıxış edən 2008-2010-cu illər, eləcə də 2013-2015-ci il təvəllüdlü gimnastlar da qoşulacaqlar.
Azərbaycan birinciliyinə “Ocaq Sport” Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar qatılıb.
Yarışın ilk günü kompleksə gələn idmansevərlər hər üç yaş kateqoriyası üzrə gimnastların, həm də qrup hərəkətləri komandasının çıxışlarını izləyib.
Birinciliyə oktyabrın 27-də yekun vurulacaq.