Qubada salınmış Yeni Güləzi qəsəbəsində həyat şəraiti daha da yaxşılaşdırılmışdır
Quba, 9 yanvar (AZƏRTAC). 2007-ci ildə baş vermiş torpaq sürüşməsi səbəbindən Qubanın ucqar dağ kəndi olan Güləzidən köçürülmüş sakinlər üçün salınmış yeni qəsəbədə həyat şəraiti daha da yaxşılaşdırılmışdır.
AZƏRTAC xəbər verir ki, 34 hektar ərazini əhatə edən qəsəbəni elektrik enerjisi ilə təchiz etmək üçün 10 transformator quraşdırılmış, 3 subartezian quyusu və iki su anbarının fəaliyyəti təşkil edilmişdir. Yaxın günlərdə isə qəsəbədə 300 nömrə tutumlu yeni elektron ATS istifadəyə veriləcəkdir.
Müasir qəsəbədə inşa olunmuş 189 evin 62-si iki, 107-si üç, 20-si isə dördotaqlıdır. Hər ev üçün 8 sot həyətyanı torpaq sahəsi də ayrılmışdır.
Qəsəbədə inşa olunmuş 240 yerlik məktəb binasında şagirdlərin təlim tərbiyəsi ilə məşğul olmaq üçün hər bir şərait yaradılmışdır. Yaşayış massivi uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi və poçtla təmin edilmişdir.
Rayon mərkəzindən 40 kilometr uzaqlıqda, yüksək dağ massivində yerləşmiş Güləzi kəndində 2007-ci ildə güclü leysan yağışları nəticəsində torpaq sürüşməsi baş vermiş, bu səbəbdən yaşayış massivindəki evlər və inzibati binalar qəzalı vəziyyətə düşmüşdür. Təbii fəlakətlə əlaqədar dərhal Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetində xüsusi komissiya yaradılmışdır. Əraziyə baxışdan dərhal sonra müvafiq yer ayrılmış, Yeni Güləzi adlandırılan qəsəbə salınmışdır.