CƏMİYYƏT
QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ ŞEYXÜLİSLAMIN TƏBRİKİ
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!
Allah-taalanın qüdrət və əzəmətinə, Kitabına və Peyğəmbərinə imana dəlalət edən müqəddəs hökm - Eydül-Əzha münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, bu əziz gündə kəsilən qurbanların və edilən duaların Ulu Yaradan tərəfindən qəbul olunmasını diləyirəm.
Həzrəti İbrahim Peyğəmbər yadigarı, Xatəmül-Ənbiya Məhəmməd Salavatullah ümmətinin ən vacib və şərəfli bayramı, Xaliqin öz bəndələrinə rəhmət, kəramət və lütfünün dəlillərindən biri olan Qurban bayramı bəşərin mənəvi saflaşmasını, xeyirxahlıq, ülvilik və həmrəyliyi təcəssüm etdirir.
Azərbaycan müsəlmanları müqəddəs İslam dininin yüksək mənəvi dəyərlərinə, nəcib amallarına sədaqət və ehtiramla yanaşırlar. Bu əziz gündə Məkkeyi-mükərrəmədə, Mina vadisində dualar edən hacılarımız Vətənimizin əmin-amanlığı və xalqımızın rifahı üçün Rəbbil-Aləmdən mərhəmət, məğfirət arzulayır, haqq işimizin təntənəsində bizə yardımçı olmasını, nəzərini millətimizin üzərindən əskik etməməsini diləyirlər. Mənfur düşmənlə mübarizədə, xoşbəxt gələcəyin bərqərarında cəmiyyətimiz üçün mühüm olan birlik, həmrəylik qayələrinin təmini zəminində vəhdət rəmzi olan Qurban bayramı olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün biz 15 il bundan əvvəl Vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş 20 Yanvar faciəsi qurbanlarına, cəmi şəhidlərimizə Allahdan qəni-qəni rəhmət, ruhlarının şad olmasını diləyirik.
Mən bir daha xalqımı yüksək bəşəri amalları və ilahi mərhəməti özündə ehtiva edən Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ümmətimizin bu mübarək bayramın dərin fəzilətlərinə vaqif olmasını, kəsdikləri qurbanların qəbul, pak niyyətlərinin müstəcəb və ülvi arzularının çin olmasını Allahdan diləyirəm.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri