Qurumuş ağacların yerinə yeniləri əkilib
Bakı, 28 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində bir müddət əvvəl qurumuş və kəsilmiş şam ağaclarının yerinə 100-ə yaxın ağac əkib, bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstəriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, tikinti aparılan ərazidəki qurumuş ağaclar isə Abşeron Rayon Prokurorluğunda istintaq aparıldığından maddi sübut kimi saxlanılıb. İstintaq başa çatdıqdan sonra həmin ağacların yerinə yenilərinin əkilməsi təmin ediləcək.
Qeyd edək ki, nazirlik həmin ünvanda aparılan araşdırma zamanı 21 şam ağacının “Xalq City” MTK tərəfindən tikinti işləri aparılan zaman qurudulması, aşması və kəsilməsi faktı ilə bağlı akt tərtib edib. Nəticədə təbiətə 8240 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron Rayon Prokurorluğuna göndərilib.