Qusar-Xudat avtomobil yolunun 9 kilometrlik hissəsində asfaltlama işləri yekunlaşıb VİDEO



Bakı, 25 avqust, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Qusar-Xudat avtomobil yolunda yenidənqurma işləri “Azəravtoyol” ASC tərəfindən davam etdirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci kilometrinə çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 13,7 kilometr təşkil edir. Təmir-bərpa işləri zamanı yolun 10,7 kilometrlik hissəsi 6 metrdən 7 metrə qədər, 3 kilometrlik hissəsi isə 5 metrdən 11 metrə qədər genişləndirilib. Həmin hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxaracaq.
Aparılan işlər çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, genişləndirilib və zəruri olan digər hissələrə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Hazırda yolboyu asfaltlanma işləri görülür. Artıq yolun 9 kilometrlik hissəsində asfaltlanma işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat və 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir, paralel olaraq zəruri olan yerlərə səki daşları düzülür. Piyada səkilərinin və yol kənarına ümumilikdə 7 min poqonmetr səki daşı düzüləcək.
Təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 41 min kvadratmetr yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
1967-68-ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, yolboyu yerləşən yaşayış məntəqələrinin on minlərlə sakininin gediş-gəlişini rahatlaşdıracaq.