QUSARDA MƏRKƏZİ RAYON XƏSTƏXANASININ TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Qusarda mərkəzi rayon xəstəxanasının təməli qoyulmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı xəstəxananın baş layihəsi ilə tanış oldu. Məlumat verildi ki, layihə üzrə 230 çarpayılıq olacaq xəstəxana 2,5 hektar ərazidə yerləşəcəkdir. Burada cərrahiyyə, reanimasiya, diaqnostika, ultrasəs müayinəsi, stasionar diaqnostika, yoluxucu xəstəliklər, doğum şöbələri, vərəm dispanseri olacaqdır. Yeni səhiyyə ocağı ən müasir avadanlıqla təchiz ediləcəkdir.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü. Dövlətimizin başçısı inşaatçıları təbrik edərək dedi:
-İnşaalah, iki ildən sonra burada gözəl xəstəxana olacaqdır. Siz burada gözəl xəstəxana tikəcəksiniz. Bunu yaxşı keyfiyyətlə tikməlisiniz, yüksək standartlara cavab verməlidir. Burada yerli insanlar işləyəcək, işlə təmin ediləcəkdir. Bu, bölgənin ən böyük xəstəxanası olacaqdır. Ona görə də hər bir iş keyfiyyətli olmalıdır. İnşallah, açılışına gəlib özüm yoxlayacağam. Bir daha təbrik edirəm.
X X X
Bununla da Prezident İlham Əliyevin Qusar rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |

