Rejissor Aynur Zərrintac: Özbək xalq teatrının ənənəvi formaları bizim üçün maraqlıdır
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin kökləri ticarət və elmin inkişaf etdiyi orta əsrlərə gedib çıxır. Bu əlaqələrin izlərini bu gün də ədəbiyyatda – Nizami Gəncəvinin “Xəmsə” ədəbi ənənəsini davam etdirən Əlişir Nəvainin irsində, eləcə də memarlıqda – XV əsrə aid Bakıdakı Buxara karvansarasında görmək mümkündür.
Bunu Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi, rejissor Aynur Zərrintac AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
O, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar sahədə əməkdaşlığın aparılmasının son dərəcə vacib olduğunu vurğulayıb. “Bir müddət əvvəl Səmərqənd Teatrı Bakıda keçirilən I TÜRKSOY Beynəlxalq Teatr Festivalında “Leyli və Məcnun” tamaşasını nümayiş etdirib. Mən özüm də dəfələrlə Özbəkistanda olmuşam və özbək uşaqları üçün kukla teatrı texnikasına əsaslanan teatr dərsləri keçmişəm. Şəxsən mənim üçün Özbəkistanda sosial teatr metodologiyasının tədrisini təşkil etmək, qastrol səfərlərində iştirak etmək çox maraqlıdır. Bu il teatrımız Özbəkistandan gələn qonaqları – tərkibinə şairlərin, dramaturqların və xoreoqrafların daxil olduğu mütəxəssislərdən ibarət nümayəndə heyətini də qəbul edib”, – deyə müsahibimiz qeyd edib.
O, həmçinin teatrın Azərbaycan–Özbəkistan layihələri ilə bağlı planlarından danışıb. “Hazırda Özbəkistan mədəniyyəti ilə bağlı bir neçə əməkdaşlıq istiqamətini nəzərdən keçiririk. Müasir və immersiv teatr vasitələri ilə yeni yozum qazana biləcək ənənələr bizim üçün xüsusilə maraqlıdır. Özbəkistanın ənənəvi kukla teatrı olan “Kugirchokbozlik” bizi maraqlandırır. Həmçinin masxaraboz (Orta Asiyada küçə komediyaçısı, xalq teatrı aktyoru – müəllif qeydi) və kizikçi (ənənəvi özbək xalq komiki, yumoristik janr aktyoru – müəllif qeydi), oyun, yumor və improvizasiyaya əsaslanan özbək xalq teatrının ənənəvi formaları da bizim üçün maraqlıdır. Bu ənənələri müasir fiziki, küçə və interaktiv teatr vasitəsilə yenidən düşünmək mümkündür. Bizim üçün vacib olan yalnız mədəni irsi qorumaq deyil, həm də onun üçün yeni, müasir ifadə dili tapmaqdır. Belə layihələr azərbaycanlı və özbək sənətçilər arasında yaradıcılıq dialoqu üçün şərait yaradır, həmçinin ənənəvi incəsənətlə müasir teatrı bir araya gətirməyə imkan verir”, – deyə A.Zərrintac bildirib.
Müəllif – Anara Axundova