ŞƏRH
Rektor: Qəhrəman əsgər və zabitlərimizin şücaətlərini gələcək nəsillərə ötürmək əsas vəzifələrimizdən biridir
Bakı, 8 noyabr, AZƏRTAC
“Bu gün sonsuz qürur və fəxarət hissləri ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfərin 4-cü ildönümünü qeyd edirik. Şanlı qalibiyyətimiz xalqımızın iradəsi, birlik və bərabərliyinin rəmzi olaraq yaddaşımızda əbədi qalacaq. Azərbaycan xalqı Vətən müharibəsində sübut etdi ki, öz torpaqlarını qorumağa qadir və milli birliyini yüksək səviyyədə saxlamağa əzmli bir xalqdır. Məhz xalq, dövlət və ordunun sarsılmaz birliyi sayəsində əzəli torpaqlarımız yenidən azadlığına qovuşdu və tarixi ədalət bərpa oldu”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində əldə edilmiş parlaq qələbə ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, həm də ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq arenada Azərbaycanın mövqeyi daha da möhkəmləndi.
“Çox sevindirici və qürurvericidir ki, Azərbaycanın hər bir guşəsində olduğu kimi, gündən-günə dirçələn və sürətlə inkişaf edən doğma Qarabağımızda, o cümlədən Şuşada, Xankəndidə, Laçında və digər əzəli torpaqlarımızda da Zəfər Günü yüksək bayram əhvali-ruhiyyəsində böyük təntənə ilə qeyd olunur.
Bu əlamətdar bayram günündə biz şəhidlərimizi dərin hörmət və minnətdarlıqla yad edirik. Onların canını fəda etməsi sayəsində bu torpaqlar yenidən Azərbaycanın ayrılmaz hissəsi oldu. Qazilərimizin fədakarlığı, göstərdikləri şücaət və milli ruh isə gənc nəsillərimiz üçün ilham qaynağına çevrildi. Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universiteti olaraq, qəhrəman əsgər və zabitlərimizin şücaətlərini gələcək nəsillərə ötürmək və onların əziz xatirəsini daim yaşatmaq əsas vəzifələrimizdən biridir. Eyni zamanda, torpaqlarımızın azadlığının və suverenliyinin təməlini təşkil edən bu tarixi qələbəni yaşatmağı, gənclərimizin milli dəyərlərə bağlı, tarixini və mədəniyyətini dərindən dərk edən bir ruhda yetişməsini təmin etməyi özümüzə borc bilirik. Şanlı zəfərin mənəvi əhəmiyyəti gələcək nəsillərə örnək olacaq və onlara Vətən sevgisini və mübarizə ruhunu daim xatırladacaq", - deyə Ş. Bayramov vurğulayıb.
Rektor əlavə edib ki, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən bu tarixi Zəfər Gününü qeyd edərkən, biz həm də gələcəyə böyük inamla baxırıq: “Qarabağ Universiteti olaraq, bölgənin və Azərbaycanın rifahı naminə çalışmaqda, xalqımızın dəyərlərinə sadiq qalmaqda, milli qürur və azadlıq ruhunu qorumaqda əzmkarlıq nümayiş etdirməliyik. Fəxr edirik ki, Qarabağın yeni inkişaf mərhələsi və dayanıqlı bir ekosisteminin qurulması yolunda universitetimizin pay sahibi olması üçün qarşımızda geniş fürsətlər açılıb”.