Respirator infeksiyalar zamanı orqanizmdə maye balansı mütləq şəkildə tənzimlənməlidir
Bakı, 11 fevral, AZƏRTAC
Son vaxtlarda ölkədə yayılan infeksion xəstəliklər arasında influenza ilə yanaşı, adenovirus, rotaviruslara rast gəlinir. Xüsusilə uşaqlar arasında ciddi klinik şikayətlər qeydə alınır, hətta böyüklər arasında, immunsupressiv xəstələrdə infeksion xəstəliklər kəskin gedişə malik olur. Şikayətlər əsasən 48-72 saat içərisində ani başlayan hərarət, gün ərzində 5-6 dəfə müşahidə olunan ishal, ishal zamanı ağrı, qarın nahiyəsində sancının olması ilə xarakterizə olunur.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.
“Xəstələrdə, əsasən ishalla yanaşı, qusma, həmçinin respirator infeksiyalara xas olan halsızlıq, əzələ ağrısı kimi əlamətlər də müşahidə olunur. Həmin şikayətlər olduğu zaman mütləq şəkildə ilk öncə maye balansımızı qorumalıyıq. Çünki mədə-bağırsaq pozuntuları zamanı orqanizmdən mineral elementlər xaric olunur ki, bunun bərpası üçün mütləq şəkildə maye balansı tənzimlənməlidir. Ehtiyac olmadığı halda antibiotiklər istifadə edilməməlidir. İlk vaxtlarda antiviral preparatlar istifadə olunur və əgər şikayətlər 48 saatdan artıq müddətdə davam edirsə və daha şiddətli gedişata malik olarsa, həkimlə məsləhətləşib düzgün müalicə taktikası seçilməlidir”, - deyə N.Əliyev qeyd edib.