RESPUBLİKA ƏRAZİSİNDƏ HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ AYLIĞI KEÇİRİLƏCƏKDİR
Ötən il respublika ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, avtomaşınların yüksək sürətlə idarə edilməsi nəticəsində baş vermiş 1382 qəzada 504 nəfər həlak olmuş, 1372 nəfər isə müxtəlif dərəcəli xəsarət almışdır. Bu qəzalar ümumilikdə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 44 faizini təşkil etmişdir.
İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 kilometr-saat həddində aşılmasına görə şərti maliyyə vahidi məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda, həmin məcəllənin 151.3 maddəsinə əsasən isə, hərəkət sürətinin 30 kilometr-saat həddindən artıq aşılmasına görə şərti maliyyə vahidi məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda cərimə nəzərdə tutulur və sonuncu qayda pozuntusu dörd cərimə balı ilə qiymətləndirilir. Analoji qayda pozuntularına görə, ötən il 65 minə yaxın sürücü inzibati məsuliyyətə cəlb edilmiş, 1800-ə qədər sürücünün isə hüquqları bir ilədək məhdudlaşdırılmışdır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, aylıq ərzində yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb olan nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması hallarına qarşı mübarizə gücləndirməklə yanaşı, qaydalara riayət etməyən sürücülər barədə ictimaiyyətə məlumat veriləcəkdir.
BDYPİ bütün sürücüləri qaydalara əməl etməyə, yol hərəkəti ilə bağlı idarə, müəssisə və təşkilatların rəhbərlərini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırır.