Respublika Günü xalqımızın çoxəsrlik tarixinin ən parlaq və şanlı səhifələrindəndir
Tərtər, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci il mayın 28-i xalqımızın çoxəsrlik tarixinin ən parlaq və şanlı səhifələrindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş onlayn tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoyublar.
Videokonfrans formatında keçirilən tədbirdə YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan, Azərbaycan dövlətçilik ənənələrinin uzun tarixi müddətdən sonra bərpasından danışıb. Müasir və müstəqil Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edərək, ulu öndər Heydər Əliyevin qətiyyətli, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi xarakter aldığını bildirib. Diqqətə çatdırıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyada sayılıb-seçilən, beynəlxalq tribunalarda öz səsini ucadan səsləndirməyi bacaran bir dövlətə çevrilib.
Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, gənc fəal Şəhram Quliyev, Sarıcalı kənd tam orta məktəbinin müəllimi Esmira Qəhrəmanova çıxışlarında Azərbaycanın dövlətçilik tarixində Xalq Cümhuriyyətinin xüsusi yer tutduğunu vurğulayıb, 28 May - Respublika Gününün xalqımızın qürur günü kimi həmişə qeyd olunacağını bildiriblər.
Tədbirin yekununda YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, Respublika Günü münasibətilə gəncləri təbrik edib, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi Qələbəsindən, işğaldan azad olunmuş ərazilərimizdə görülən tikinti-bərpa və quruculuq işlərindən ətraflı danışıb.