RESPUBLİKA KLİNİK XƏSTƏXANASINDA YENİ MÜALİCƏ MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimi səhiyyə naziri Əli İnsanov açmış, mərkəzin əhəmiyyətindən danışaraq demişdir ki, respublikamızda son vaxtlar daha çox insan böyrək çatışmazlığından əziyyət çəkir. Bunun müqabilində müalicə aparatlarının sayı çox aşağıdır. Hazırda ölkəmizdə cəmi 86 bu cür aparat vardır. Onlardan 73-ü dövlət, 13-ü isə özəl müalicə ocaqlarında fəaliyyət göstərir. Belə xəstələrin sayı çox olduğuna görə gələcəkdə bu aparatların sayını artıracağıq.
Avropa Birliyinin Fövqəladə Yardım Proqramının direktoru C.Altman, “Ümid” Hemodializmli Xəstələri Cəmiyyətinin sədr müavini C.Süleymanova çıxış edərək ölkəmizin Prezidentinə bu cür xəstələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etmiş, bütün aidiyyəti orqanları, hemodializmli və digər xəstəliklərdən əziyyət çəkən insanların mənafeyini müdafiə etməyə çağırmışlar.