Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) Elmi-Texniki Şurasının növbəti iclası keçirilib.
RSXM-dən AZƏRTAC-a verilən xəbərə görə, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəliyi elan edib. Daha sonra zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru S.Kazımova “Zəlzələlərin ocaq mexanizmlərinə əsasən, Azərbaycanın seysmogen sahələrində tektonik hərəkətlərinin tipləri” mövzusunda məruzəsini təqdim edib. Məruzə iclasda iştirak edən alimlər tərəfindən böyük maraqla qarşılanıb.
İclasda, həmçinin RSXM-də çalışan bakalavr, magistr, dissertant və mühəndis-texniklərə 2017-ci ildə keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramının, elmi seminarların mövzularının, elmi-tədqiqat işlərinin planının təsdiqi, o cümlədən Elmi-Texniki Şuranın tərkibində qismən dəyişiklik edilməsi məsələlərinə də baxılıb.