Rəyasət Heyətinin iclasında qarşıda duran vəzifələr müzakirə edilib
Naxçıvan, 11 yanvar, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin bu il keçirilən ilk iclasında qarşıda duran vəzifələr müzakirə edilib.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra Naxçıvan Bölməsinin 2021-ci il üçün iş planı oxunub, müzakirələrdən sonra təsdiq olunub.
Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Naxçıvan Bölməsinin Elmi-Tədqiqat institutlarının iş planları haqqında məlumat verib. Müzakirəyə çıxarılmış iş planlarının bəzi əlavə və dəyişikliklər edilməklə qəbul edilməsi məqsədəuyğun hesab olunub.
Daha sonra Elm və təhsil şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova doktorant və dissertantların attestasiyadan keçirilməsi, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun yekunları haqqında məlumat verib. İclasda, həmçinin bölmənin təhsil müddətini bitirən doktorant və dissertantlarının doktorant və dissertantlıqdan azad olunmaları ilə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Sonda Naxçıvan Bölməsinin bəzi əməkdaşlarının vəzifə və dərəcələrinin artırılması və digər məsələlər müzakirə olunub.