ROMA PAPASINI TÜRKİYƏYƏ SƏFƏR ZAMANI 16 MİN POLİS QORUYACAQ
Əvvəlcə nəzərdə tutulduğu kimi, pontifik Türkiyəyə Ümumdünya Patriarxı Varfolomeyin dəvəti ilə hələ 2005-ci ildə getməli idi. Lakin sonra Türkiyə Prezidenti Əhməd Necdət Sezərdən ölkəyə 2006-cı ildə gəlmək dəvəti alındı və buna görə də səfərin müddəti dəyişdirildi.
Pontifik səfər zamanı Türkiyə Prezidenti və patriarx Varfolomeylə görüşəcək, İstanbula, Ankaraya, İzmirə və dünyanın ən qədim şəhərlərindən olan Efesə gedəcəkdir. Rəvayətə görə, Məryəm ananın evi Efesdə olmuş və İsa Məsih çarmıxa çəkildikdən sonra romalıların təqiblərindən can qurtarmaq üçün İsanın ən sevimli şagirdi apostol İohannla birlikdə burada yaşamışdır. Həmin rəvayətdə deyilir ki, Məryəm ana elə bu şəhərdə də dünyasını dəyişmişdir. Lakin Efesdə onun məzarı indiyədək aşkar edilməmişdir.
Türkiyə mətbuatının məlumatına görə, səfər zamanı pontifiki 16 min nəfər yerli polis qoruyacaqdır. XVI Benediktin təyyarəsini ölkənin hava məkanına daxil olduğu andan Ankara hava limanına enənədək Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri müşayiət edəcəkdir. Papaya xüsusi zirehli avtomobil ayrılacaqdır.
Vatikanda bildirmişlər ki, XVI Benediktin Türkiyəyə səfəri, ilk növbədə, müsəlmanlarla pravoslav xristianların dialoquna həsr ediləcəkdir.