“ROSSİYANE” FONDU MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Moskva merinin məsləhətçisi, Fondun icraçı direktoru Vitali Skrinnik Fondun strukturu və fəaliyyəti barədə jurnalistlərə məlumat vermişdir. O demişdir ki, Rusiya Federasiyası hökumətinin ”Həmvətənlər haqqında” qanununda Fonda üzv olan və Rusiyanı təmsil edən bütün xalqların nümayəndələrinin bərəbər hüququ təmin olunur. Fonda hazırda 43 ölkə daxil olub, 12 ölkə isə bu məqsədlə müraciət etmişdir. Fondun Riqada və Bakıda da filialları açılmışdır.
İcraçı direktor bildirmişdir ki, iyunun əvvəllərində Bakıda Fondun səyyar iclası keçiriləcəkdir. Nazirlərin, kiçik və orta sahibkarların daxil olduğu nümayəndə heyəti ilə birgə iclasda bizneslə bağlı bir sıra maliyyə məsələlərinin müzakirə ediləcəyi, həm də müqavilələrin imzalanacağı gözlənilir. Moskvada yaşayan bir milyona yaxın azərbaycanlı Rusiyada kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayır. Artıq 2002-2005-ci illər üçün kompleks proqram hazırlanmış və Fonda yardım məqsədi ilə yarım milyard rubl vəsait ayrılmışdır.
V.Skrinnik Fondun fəaliyyət proqramına daxil olan başqa məsələlərdən - veteranlara yardım, tibbi kömək, Rusiyanın ali məktəblərində təhsil almaq istəyən gənclər üçün yaradılacaq şəraitdən də söz açmışdır.