SİYASƏT
Rövzət Qasımov: Veb-kameralar 119 seçki dairəsi üzrə səsvermə prosesini izləməyə imkan verəcək
Bakı, 1 fevral, AZƏRTAC
Veb-kameraların quraşdırılması işinə seçki prosesinə start verildikdən sonra başlanılıb. Bu layihənin reallaşdırılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə sıx əlaqədə həyata keçirilib.
Ölkədəki 119 seçki dairəsi üzrə veb-kameraların quraşdırılması bütün səsvermə və protokollarla bağlı prosesi izləməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov komissiyanın fevralın 1-də keçirilən iclasında səsləndirib.
O bildirib ki, 1000 məntəqədə veb-kameraların quraşdırılmasında mühüm məsələlər diqqətə alınıb. İnternet üzərindən seçki prosesini izləmək üçün müvafiq qurumlarla birgə təhlükəsizlik məqsədilə lazımi addımlar atılıb.
“Səsvermə günü istənilən vətəndaş internet üzərindən seçki prosesini izləyə biləcək. Səsvermə bitdikdən sonra internet yayımı dayandırılacaq. Ölkədən xaricdə olan soydaşlarımız da bu imkanlardan istifadə edə biləcəklər.
Avropa standartlarına uyğun olaraq 20-25 dəqiqə səsverməni izləmək üçün kifayət edir. Bu, bir Azərbaycan təcrübəsidir”, - deyə Rövzət Qasımov diqqətə çatdırıb.