Rufiz Qonaqov: Avropa Parlamenti ölkələrə qarşı ikili standartlarla çıxış edir
Bakı, 11 sentyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar vətəndaş cəmiyyətinin mövqeyini ifadə edərək bildirib ki, bu sənəd reallığı əks etdirmir və Avropa Parlamentinin ölkələrə qarşı ikili standartlarla çıxışını nümayiş etdirir. O deyib: “Azərbaycan vətəndaş cəmiyyəti institutları olaraq biz qəbul edilən bu sənədə öz etirazımızı bildirir, burada ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bəyan edirik”.
Qeyd edilib ki, qətnamədə ayrı-ayrı halların sifarişli şəkildə təqdim olunması aydın şəkildə görünməklə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Halbuki Qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət alıb və son vaxtlar həmin ölkələrdə bu sahələrdə ciddi problemlər yaşanmaqdadır. Bəzi Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın nüfuzunun dünyada artmasından qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlara cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. Bu səbəbdən biz müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənədi qəti şəkildə pisləyərək bu cür sifarişli ittihamları qəbulolunmaz hesab edirik.
Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, demokratik və yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda vətəndaş cəmiyyəti daim inkişafdadır, bu sahədə fəaliyyət göstərən bütün institutlar sərbəst şəkildə fəaliyyətini davam etdirir. Bu, bir həqiqətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə güclü vətəndaş cəmiyyətinin formalaşması üçün bir çox vacib qərarlar qəbul edərək vətəndaş cəmiyyəti institutlarının ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələr olduğunu bildirib. Məhz buna görə də Azərbaycanda demokratik prinsiplərin möhməkləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.