Rumıniya mətbuatı Göygöldə rumıniyalı hərbi əsirlərin xatirəsinə ucaldılmış abidədən yazıb
Buxarest, 26 oktyabr, AZƏRTAC
Rumıniyanın “Evenimentul Zilei” nəşri Azərbaycanın Göygöl şəhərində İkinci Dünya müharibəsi dövründə və müharibədən sonrakı illərdə sovet əsir düşərgəsində həyatını itirmiş 169 rumıniyalı hərbi əsirin xatirəsinə ucaldılmış abidə barədə məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, nəşrin məlumatına görə, abidə 1944–1948-ci illərdə keçmiş SSRİ Xalq Daxili İşlər Komissarlığının 223 nömrəli düşərgəsində həlak olmuş rumıniyalı hərbi əsirlərin xatirəsinə həsr olunub.
Abidənin açılış mərasimi 2025-ci il oktyabrın 22-də Göygöl şəhərindəki 1 nömrəli Xanlar qəbiristanlığında keçirilib. Mərasim çərçivəsində həyatını itirmiş hərbi əsirlərin ruhuna dini ayin icra olunub və onların xatirəsi ehtiramla yad edilib.
Məqalədə Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soarenin açıqlamalarına da yer verilib. Diplomat İkinci Dünya müharibəsi zamanı və sonrakı illərdə sovet əsir düşərgələrində həyatını itirmiş rumıniyalı hərbçilərin xatirəsinin qorunmasının əhəmiyyətini vurğulayıb.
Səfir bildirib ki, Rumıniya Ordusu Günü münasibətilə ölkələrinə qayıda bilməyən, döyüş meydanlarında və əsir düşərgələrində həlak olan hərbçilər xüsusi ehtiramla xatırlanırlar.
Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR ərazisində müxtəlif ölkələrdən olan hərbi əsirlərin saxlanılması üçün sovet düşərgələri fəaliyyət göstərib. Onlardan biri də Göygöl rayonunun keçmiş Xanlar ərazisində yaradılmış 223 nömrəli düşərgə olub.
Tarixi araşdırmalara əsasən, 1944-cü ildə təşkil edilmiş həmin düşərgə sonradan Gəncə ərazisinə köçürülüb və 1948-ci ilədək fəaliyyət göstərib.
Rumıniya mətbuatında dərc olunan məqalədə vurğulanır ki, Göygöldə ucaldılmış abidə və keçirilmiş anım mərasimi vətənlərindən uzaqda həyatlarını itirmiş hərbi əsirlərin xatirəsinin yaşadılmasına xidmət edir.
Bu cür xatirə abidələri İkinci Dünya müharibəsinin insan talelərinə təsirini, əsirlikdə həyatını itirmiş şəxslərin tarixini və həmin dövrün faciələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini xatırladır.