Rumıniyalı avroparlamentarilər ölkənin müdafiəsinin gücləndirilməsi ilə bağlı Ursula Fon der Lyayenə müraciət ediblər
Buxarest, 27 iyul, AZƏRTAC
Rumıniyanın hakim Milli Liberal Partiyasını (PNL) təmsil edən Avropa Parlamentinin üzvləri ölkənin hava məkanında baş verən son pilotsuz uçuş aparatı insidentlərindən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə müraciət ediblər. Onlar Rumıniyanın müdafiə imkanlarının gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsini istəyiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “HotNews” nəşri məlumat yayıb.
Avroparlamentarilər bildiriblər ki, son günlər Rumıniya hava məkanının dəfələrlə pozulması Avropa İttifaqının şərq sərhədlərində təhlükəsizlik risklərinin artdığını göstərir. Onların fikrincə, mövcud vəziyyət yalnız Rumıniyanın deyil, bütövlükdə Avropa İttifaqının təhlükəsizliyi baxımından ciddi çağırışdır.
Müraciətdə Avropa Komissiyasından Rumıniyanın hava məkanının qorunması üçün pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin gücləndirilməsinə, müşahidə və erkən xəbərdarlıq imkanlarının genişləndirilməsinə, həmçinin Avropa səviyyəsində maliyyə və texniki dəstəyin artırılmasına dəstək verilməsi xahiş olunub.
PNL nümayəndələri vurğulayıblar ki, Rumıniya Avropa İttifaqının və NATO-nun şərq cinahında yerləşən ön xətt ölkələrindən biridir. Buna görə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi təkcə milli deyil, həm də ümumavropa təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Avroparlamentarilər, həmçinin Avropa Komissiyasını yeni təhlükəsizlik şəraitini nəzərə alaraq sərhədyanı üzv dövlətlər üçün əlavə maliyyə mexanizmlərinin hazırlanmasını sürətləndirməyə çağırıblar. Onların fikrincə, pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələrə qarşı vahid Avropa yanaşmasının formalaşdırılması artıq zərurətə çevrilib.
Qeyd edək ki, müraciət Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının son günlər ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarını zərərsizləşdirməsindən sonra edilib.