RUSİYA BMT TƏHLÜKƏSİZLİK ŞURASININ BÜTÜN QƏTNAMƏLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNƏ TƏRƏFDARDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 28-də Moskvada Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Yakovenko xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycan jurnalistlərinin də suallarına cavab vermişdir.
A.Yakovenko AZƏRTAC-ın müxbirinin “Rusiya Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Dağlıq Qarabağa dair məruzənin dinləmələrini necə qiymətləndirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə dair Avropa Şurasının tövsiyələrinə qoşulurmu?” sualına cavab verərək bildirmişdir ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Təhlükəsizlik Şurasının bütün qətnamələrinin yerinə yetirilməsinə tərəfdardır, qətnamədən asılı olmayaraq bu, bizim ümumi qaydamızdır. O demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Rusiyanın mövqeyi iki ölkə arasında fəal siyasi dialoqun vacibliyinə əsaslanır. A.Yakovenko Rusiyanın Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan dialoqun səviyyəsindən razı qaldığını diqqətə çatdıraraq bildirmişdir ki, tərəflər mövcud problemləri həll etmək üçün öz aralarında razılığa gəlməlidirlər. O demişdir: “Rusiya öz tərəfindən bu məsələ ilə bağlı qarşılıqlı fəaliyyətə hazırdır, lakin son nəticədə problemin həlli iki paytaxtdan asılıdır”.
Rusiya XİN-in rəsmi nümayəndəsi AZƏRTAC-ın müxbirinin “Uyğunlaşdırılmış “Avropada adi silahların məhdudlaşdırılması haqqında” müqavilənin Dağlıq Qarabağ ərazisində tətbiq olunmamasına və bu regionun silahlara nəzarət zonasından indiyədək kənarda qalmasına Rusiyanın münasibəti necədir?” sualına cavab verərək demişdir ki, Rusiya bu sazişi ratifikasiya edən dövlətdir. Yakovenko vurğulamışdır ki, “bu məsələlərin hamısı birgə komissiya çərçivəsində müzakirə olunur”. Onun sözlərinə görə, bu, müzakirə mərhələsində olan heç də yeganə məsələ deyildir. Rusiya XİN-in rəsmi nümayəndəsi sonda demişdir ki, “Rusiya bu müqaviləni imzalayan bütün dövlətlərin “Avropada adi silahların məhdudlaşdırılması haqqında” uyğunlaşdırılmış müqaviləni ratifikasiya etməsini istərdi. Baltikyanı dövlətlərin də bu sənədə qoşulması çox vacibdir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva