RUSİYA DÖVLƏT DUMASI QEYRİ-LEQAL MİQRANTLARIN ÖLKƏDƏN DEPORTASİYASI QAYDALARINI SƏRTLƏŞDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Dövlət Dumasının geniş iclasında qeyri-leqal miqrantların Rusiyadan deportasiyası və onların qanuni surətdə RF-yə qayıtması qaydalarını sərtləşdirən qanun layihəsini üçüncü oxunuşda qəbul etmişdir. Qanun layihəsinə görə, ölkədən deportasiya olunmuş qeyri-leqal miqranta 5 il ərzində Rusiyaya qayıtmaq qadağan edilir. Deportasiya haqqında qərar qəbul edildikdən sonra qeyri-leqal miqrant 10 gün ərzində ölkəni tərk etməlidir. Qanunda qeyri-leqalların ölkədən çıxarılanadək Federal Miqrasiya Xidmətinin xüsusi müəssisələrində saxlanması da nəzərdə tutulmuşdur. Qanun layihəsi müəlliflərinin fikrincə, bu cür tədbirlər miqrantları qanuna hörmətlə yanaşmağa vadar edəcəkdir.
Bu ərəfədə Dövlət Dumasında “Əmək miqrasiyasının qanunvericiliklə tənzimlənməsi və Rusiya Federasiyasında qeyri-dövlət məşğulluq agentliklərinin fəaliyyəti” mövzusunda dinləmələr keçirilmişdir. Dinləmələr zamanı bildirilmişdir ki, əmək miqrasiyasının qanunvericiliklə tənzimlənməsi kompleks yanaşma tələb edir və onun həlli Rusiya iqtisadiyyatının inkişafına yeni təkan verəcəkdir. Belə bir fikir də söylənilmişdir ki, dövlət regionların dinamik inkişafını təmin etmək üçün əmək miqrantlarını ölkənin hər yerinə göndərməlidir. Parlament dinləmələrinin iştirakçıları tövsiyələr paketi hazırlamışlar. Məsələn, Rusiya hökumətinə dövlət miqrasiya siyasəti konsepsiyasını işləyib hazırlamaq, Rusiya Təhlükəsizlik Şurasına isə əmək miqrasiyası sahəsində milli təhlükəsizlik meyarlarını və parametrlərini hazırlayıb təsdiq etmək tövsiyə olunur.