İDMAN
RUSİYA OLİMPİYA KOMİTƏSİ QARŞIDAKI OYUNLARA HAZIRLIĞA VƏ İŞTİRAKA BÖYÜK MƏBLƏĞDƏ VƏSAİT SƏRF EDƏCƏK
AZƏRTAC-ın müxbiri Moskvadan xəbər verir ki, Rusiya Olimpiya Komitəsi (ROK) bu il Yunanıstanda keçiriləcək yay Olimpiya oyunlarına hazırlığa və iştiraka 5,5 milyon dollar vəsait sərf etməyi planlaşdırır. Bununla əlaqədar, əmtəə nişanından istifadə üçün müstəsna hüquq verilməsi haqqında ROK ilə “LUKoyl” şirkəti arasında növbəti lisenziya müqaviləsi imzalanmışdır.
ROK-un birinci vitse-prezidenti Vladimir Vasin bildirmişdir ki, bu vəsait, əsasən, Rusiya olimpiyaçılarının hazırlıq keçdikləri idman bazalarının yenidən qurulmasına, idmançılara geyim, habelə idman avadanlığı alınmasına xərclənəcəkdir. Onun sözlərinə görə, Olimpiadaya Rusiyadan 480 idmançı gedəcəkdir. Ölkənin olimpiya nümayəndə heyətinə isə təxminən 800 nəfər daxil ediləcəkdir.