RUSİYA XİN KONDOLİZA RAYSIN QAZ PROBLEMİ BARƏDƏ ŞƏRHLƏRİNDƏN TƏƏCCÜBLƏNMİŞDİR
Rusiyanın əl atdığı hərəkətlərin “enerji ehtiyatları təchizatçısının məsuliyyəti” ifadəsinə tam uyğun gəlmədiyi” barədə Raysın dediyi sözlər Rusiya xarici siyasət idarəsinin xoşuna gəlməmişdir. XİN-in bəyanatında deyilir ki, Ukrayna ilə danışıqlar çətin olsa və uzun sürsə də, hər halda, tərəfləri qane edən uzunmüddətli saziş bağlamağa imkan yaratmışdır. Bu saziş Ukraynaya sabit surətdə qaz göndərilməsinə və onun Avropaya tranzitinə təminat verir.
XİN-də Raysın bazar iqtisadiyyatı prinsiplərini başa düşməməsinə də təəccüblənmişlər: “Dövlət katibi səmərəsiz köhnə sovet qurumlarına son qoymağın zəruriliyini təsdiqləyir, amma, qəribə olsa da, hesab edir ki, Rusiya və Ukrayna qazın bazar qiymətlərinə tədricən keçməlidirlər”.
RF XİN qaz münaqişəsi zamanı Rusiyanın hərəkətlərinin onun “Səkkizlər qrupu”nun üzvü statusu ilə heç də uyğun gəlmədiyi barədə ABŞ diplomatiyası başçısının iradı ilə də razı deyildir və bildirir ki, Rusiyanın təşəbbüsü sayəsində Ukrayna ilə ikitərəfli formatda əldə olunmuş razılaşmalar Rusiya qazının Ukraynaya uzunmüddətli perspektivdə sabit surətdə göndərilməsinin möhkəm təməlini qoyur və Avropa qitəsinin enerji təchizatının təmin edilməsinə mühüm töhfədir”.